Gənc Tamaşaçılar Teatrının kollektivi Prezidentə müraciət etdi


28.09.2020
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

Möhtərəm cənab Prezident!

Cənab Ali Baş Komandan!

Biz, mədəniyyət xadimləri son günlər fəxarət, qürur və böyük coşğu hissi keçiririk. Çünki 30 ilə yaxın bir müddət ərzində gözlədiyimiz gün nəhayət ki, gəlib çatdı. Azərbaycan xalqının vətən sevgisi və torpaq həsrəti ilə hayqıran haqq səsini bütün dünya eşitdi. Bu gün hər kəs qələbə deyir, hər kəs Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi birləşərək səsinə səs verir!
Azərbaycan xalqı hər zaman sülhsevər, multikultural dəyərlərə böyük önəm verən xeyirxah, humanist, insanpərvər bir millət olmuşdur. Bizim əcdadlarımız, ulu babalarımız belə yaşayıb - biz belə yaşamağa çalışırıq. Uzun illər belə yaşamışıq. Düşmənlərimizə belə düz yol göstərməkdən, möhlət verməkdən çəkinməmişik. Rəhmdilik, insan övladını sevməyə, ona dayaq olmağa çalışırıq. Bəzən nahaq yerə ləkələnmişik, lakin əzilməmişik, sınmamışıq, amalımızdan dönməmişik. Çünki atalar demişkən, “yamanlığa yaxşılıq nər kişinin işidir”. Biz də nər kişilərinin övladlarıyıq!
Lakin söhbət Vətəndən, Azadliqdan gedərsə, biz son damla qanımızla torpaqlarımızın hər qarışını suvarmağa, hər daşı uğrunda canımızı fəda etməyə hazırıq. Təki Vətən sağ olsun! Göz bəbəyimiz, güvənc yerimiz, şərəfimiz - QARABAĞIMIZ düşmən tapdağından, riyakar yağılardan təmizlənsin. Namərdlərin, nadanların iç üzü bütün dünya qarşısında birdəfəlik ifşa olunsun.
Bu gün hər birimizin dilindən Azərbaycan, Qələbə sözləri düşmür. Milli Ordumuzun, onun şəhidlik zirvəsinə çatmış qəhrəman əsgərlərimizin rəşadəti, şücaətləri qarşında baş əyirik. Çünki …torpaq uğrunda ölən varsa VƏTƏNDİR! Başın uca olsun, Azərbaycan!

Cənab Ali Baş Komandan!

Xalqımız üçün bu çətin günlərdə bizə - arxa cəbhənin nümayəndələrinə güvənə bilərsiniz! Bu məkbubun hər sətrinin arxasında ahıllar və cavanlar durur. Lakin yaşından asılı olmayaraq, lazım gələn an əlimizə silah alıb Vətəni müdafiə etməyə hazırıq!
Bizim hər birimizin bir Vətəni var - AZƏRBAYCAN! Hər zaman fəxr etmişik və son nəfəsimizə qədər də fəxr edəcəyik ki, AZƏRBAYCANLIYIQ!
Qələbəmizə inam, dövlətimizə sədaqət, Vətənimizə sevgi, Ali Baş Komandanımıza güvən hissi ilə

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi adından teatrın direktoru Naidə İsmayılzadə

http://525.az/site/?name=xeber&news_id=150421#gsc.tab=0


Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX