«Biz birlikdə güclüyük» adlı birpərdəli pyes müsabiqəsinin

nəticəsi elan olundu


08.10.2020
“Koronavirus” pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə iyun ayında Gənc Tamaşaçılar Teatrının təşəbbüsü ilə Səbail Rayonu İcra hakimiyyəti, Azərbaycan UNESCO Klubları Assosiasiyası, ASAN Könüllüləri Təşkilatı, “ASAN radio”, “Azərbaycan” dərgisinin birgə təşkilatçılığı ilə «Biz birlikdə güclüyük» adlı birpərdəli pyes müsabiqəsi elan edilimişdi. Müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemləri, dünyada və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizəni teatr sənətinin də aktual mövzusuna çevirməkdi. Müsabiqə şərtlərinə görə, pyeslərin mövzusu koronavirus pandemiyası ilə mübarizə günlərinin ab-havasını, bu zaman kəsiyində baş verənlərin ümumilikdə ölkənin sosial, ictimai həyatına təsirini, ayrı-ayrı insan talelərində əksini ifadə etməli idi. Müsabiqəyə maraq göstərən bir çox gənc qələm sahibləri yeni pyeslərini təqdim ediblər. Bu müddət ərzində təqdim olunan əsərlər gizli münsiflər heyəti tərəfindən oxunub.
Münsiflərin müzakirəsindən sonra gənc yazıçı-ssenarist Pərviz Seyidlinin “Mələk” pyesi müsabiqənin qalibi elan olunub.
Qeyd edək ki, qalib pyes seçildikdən sonra əsər bu ilin sonuna qədər teatr səhnəsində qurulmalı və tamaşaçıların müzakirəsinə verilməlidir. Pyes həm də «Azərbaycan» dərgisində işıq üzü görəcəkdir.
Teatrın mətbuat xidmətindən bildirilib ki, karantin rejiminin ləğvi və teatrların fəaliyyətinin bərpasından sonra əsərə quruluş veriləcək.


Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX