Gənc Tamaşaçılar Teatrı Əməkdar artist Almaz Mustafayevanın

vəfatı ilə bağlı nekroloq verdi


26.12.2020
ALMAZ ƏHMƏD QIZI MUSTAFAYEVA
(01.10.1949-26.12.2020)


Azərbaycan mədəniyyətinə ağır itki üz verib. 26 dekabr 2020-ci ildə Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Almaz Mustafayeva dünyasını dəyişib.
Almaz Mustafayeva 01 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. Azərfilm kinostudiyasının nəzdində 3 illik «kinoaktyorluq» kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 01-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır.
O, 1997-ci ildə «Qızıl Dərviş» mükafatı ilə təltif olunub. 2013-cü ilin iyun ayının 25-də Əməkdar Artist fəxri adına layiq görülüb. 2014-cü ildə Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.
O səhnədə canlandırdığı bir çox rolları ilə tamaşaçıların sevgisini qazanıb. Sadıx - «Mənim nəğməkar bibim», Ə.Əylisli, Qaraca qız - «Qaraca qız», S.S. Axundov, A.Şaiq, Bahar - «Ana laylası», İ.Coşğun, Ramo - «Əlvida Hindistan», Q.Rəsulov, Əhməd - «Tamahkar», S.S.Axundov, Aycan, Sevinc gülü - «Aycan», X.Əlibəyli, Gəlincik - «Gəlincik», A.Şaiq, Qadın - «Ah, qadınlar, qadınlar», M.Haqverdiyev, I Xanım - «Yatmış gözəl» B.Marvin və başqa qəhrəmanları xüsusən də balacalar tərəfindən böyük maraqla qarşılanıb.
Sevilən aktrisa Almaz Mustafayevanın xatirəsi tamaşaçıların, həmkarlarının, əzizlərinin qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!


Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX